HrCell
[email protected]
09-05-2021

CV: Olsun ya Olmasın?

Bəlkə də CV-ni tam və düzgün hazırlamadığımıza görə neçə-neçə iş şansımızı qaçırmışıq. CV hazırlayandan sonra və ya iş vakansiyalarından geri dönüş olmadığı halda, bir dəqiqə dayanıb düşünmək lazımdır. Özümüzə sual verməliyik ki, ya mən nəyisə səhv edirəmsə? HR-ın 30 saniyədə göz gəzdirdiyi CV-də özümüzü necə təqdim edəcəyimizi düşünməliyik. Bəs nələrə diqqət etməliyik?

Hədəflər

Bəzən hazırladığımız CV-ə hədəflər deyə bir bölmə də əlavə edirik. Ancaq biz bu hədəflər bölməsini deyəsən səhv anlamışıq. Bir çoxumuz CVmizdə hədəflər bölməsinə gələcək planlarımızı yazırıq. Bu yazı da bütün CV-ni tutur və heç də oxunaqlı hal almır. Əslində hədəflər bölməsində nə yazmalıyıq? Əgər hədəfimizi bildirmək istəyiriksə, o halda CV göndərəcəyimiz şirkətə nə qatacağımızı qeyd edək. Hər bir şirkət üçün bunu yazmağa vaxt ayırmaq istəmiriksə, hədəfimizi yazmasaq daha yaxşıdır.

Şəxsi məlumatlar

Şəxsi məlumatlar CV-də hər zaman yer alan məlumatlardır. Bəs bu şəxsi məlumatları nə dərəcədə limitli saxlaya bilirik? Bəzən heç də professional olmayan şəxsi məlumatları CV-ə doldururuq. Bu da CV-də yer tutmaqdan başqa iş görmür. Məsələn, evli olduğumuz və ya neçə uşağımızın olduğu ilk 20 saniyədə HR-ın eşitmək istədiyi bir şeydirmi? Təbii ki, xeyr. CV-ni daha oxunaqlı və professional etməmiz üçün daha vacib olan şəxsi məlumatlarımızı yazmalıyıq. Məsələn, adımız və soyadımız, doğum ilimiz, yaşadığımız şəhər, telefon nömrəmiz, email hesabımız kimi məlumatları qeyd etsək yetərli olar.

Hobbilər

Hamımız çox gözəl bilirik ki, hazırladığımız CV-də hər zaman hobbilərə yer veririk. Ancaq bunun nə qədər faydalı olub-olmadığını düşünmürük. Əlbəttə, hər birimizin hobbisi var amma CV göndərən 30 namizədin də hobbisi eyni olanda bizim hobbimizin mənası itir. Hobbi bölməsinə kitab oxumaq, musiqi dinləmək kimi hobbilər yazmaq fikrimiz varsa, yazmasaq daha yaxşıdır. Əgər bizi digərlərindən fərqləndirəcək hobbimiz yoxdursa, o bölməni boş buraxaq.

Referanslar

İllər öncə bir anda trend olan referans bildirmə də artıq öz effektivliyini itirir. Əgər CV göndərdiyimiz vakansiyada referans tələb olunmursa, referansları qeyd etməyə ehtiyac olmayacaq. 

Şəkil

İşə qəbul üçün göndərdiyimiz CV-də şəkil səhvlərini çox edirik. Seçdiyimiz şəkil 3x4-ə olsun. Qeyri-rəsmi sayılan şəkil formalarından uzaq durmalıyıq. Necə deyərlər professional görünməliyik. İkinci məqam isə odur ki, bəzilərimiz şəklin olmasını düzgün qəbul etmirik. Bu da qəbul olunandır. Bəzən şəkildəki namizədin fiziki görünüşü onun CV-ni short list-ə salmır. Bu da ayrıseçkilik yarada bilir. Fikirlər hər zaman fərqlidir ancaq bizim bazar üçün şəkilin olub-olmaması o qədər də böyük önəm daşımır.

Kiçik iş təcrübələri

Hər zaman CV-mizi daha qısa və effektiv formada yazmalıyıq. CV formamızın 2 səhifədən artıq olması heç də professional qarşılanmır. Universitet illərimizdə və uzun illər əvvəl kariyeramızda çox da önəm kəsb etməyən iş təcrübələrini qeyd etməsək də olar. HR-ın bizim haqqımızda tam profil məlumatına sahib olması üçün ona daha önə çıxan təcrübələrimizi göstərməliyik. 

Uzun yazılar

İş təcrübələrimizi qeyd edərkən uzun cümlələrdən qaçmalıyıq. Keçmiş işimizdə hansı işləri görmüşüksə, onları qısa punktlar şəklindən bildirməliyik. Bu məlumatları uzun cümlələr formasında yazmamız məlumatların oxunaqlılıq payını azaldır və CV-də çox yer tutur.

Qrammatik xətalar

Bəli, qrammatik xətalar hər zaman edə biləcəyimiz səhvlərdən biridir. Hazırladığımız CV-ni ən azı 2 dəfə oxumalıyıq. CV-miz çox gözəl görünə bilər ancaq cümlələrdə olan səhvlər professionallığımıza kölgə salacaq. Məlumatları oxuyan HR-da “CV-də olan cümlələrdə səhvlər olan birisi şirkətimizə nə kimi fayda verə bilərki?” düşüncəsini yarada bilərik. Buna görə də daha diqqətli və qrammatikaya uyğun CV hazırlamalıyıq.

Əgər aylardır işə qəbul ola bilmiriksə, CV-mizi yenidən gözdən keçirməliyik. Bəzən edəcəyimiz çox cüzi dəyişikliklər belə bizə iş tapmaqda kömək ola bilər. Hazırladığımız CV-nin uyğunluğundan tam əmin olduqdan sonra email göndərməliyik. Hər birinizə bu yolda uğurlar diləyirik.

HR sahəsi ilə bağlı digər yazıları buradan oxuya bilərsiniz.



Digər Bloqlar

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.